Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət Bayrağı Günü” münasibətilə ümumrayon tədbiri.

08 noyabr 2017 | 16:00

08.11.2017-ci i il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət evində “Dövlət Bayrağı Günü” münasibətilə ümumrayon tədbiri keçirildi.
        Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, idarə, müəssisə rəhbərləri və rayon ziyalıları iştirak etdilər.
        Tədbir iştirakçıları əvvəlcə "Heydər" parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə tər çiçəklər düzdülər. Ulu Öndərə Allahdan rəhmət dilədilər.
        Xocalı rayon Mədəniyyət evində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
        Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycan bayrağı suverənliyimizin və müstəqilliyimizin rəmzidir. Bu gün Azərbaycan bayrağı ən mötəbər tədbirlərdə dalğalanır, idman yarışlarında, müxtəlif müsabiqələrdə ucaldılır. Cənab Prezidentimiz İlham Əliyev ölkəmizi dünya dövlətləri arasında sayılıb, seçilən dövlətlər sırasına gətirmişdir.
        Sonra məruzə ilə söz Xocalı şəhər 4 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şahnaz Əliyevaya verildi. Şahnaz Əliyeva çıxşında üçrəngli bayrağımızın yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Cənab Prezident İlham Əliyevin milli atributlara, o cümlədən bayrağımıza verdiyi dəyərlərdən danışdı. O, bildirdi ki, bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görədə bayraq insanlar və xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə “Dövlət Bayrağı Günü”nün qeyd olunması həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni zamanda keçib gedəcəyimiz yola, tarixə nəzər salmaq imkanıdır. Bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədrini, qiymətini bilməyimiz baxımından tapındığımız, kölgəsinə sığındığımız müqəddəs bir varlıqdır.
       1918-ci il mayın 28-də şərqdə ilk demokratik respublikanın yaradılması ilə müstəqil respublikanın dövlət atributları da təsis edildi. Gənc Respublikanın ilk qərarlarından biri dövlət bayrağı ilə bağlı oldu. İlk bayraq kimi 24 iyun 1918-ci il tarixində qırmızı rəngli, ay və səkkizguşəli ulduzdan ibarət bayraq qəbul olunmuşdu və qeyd edilmişdir ki, bu bayraq müvəqqətidir. Daha sonra üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan  Xalq Cumhuriyyəti hökumətinin iclasında qəbul edildi. Üçrəngli bayrağımız 1920-ci ilin aprelinə qədər dövlət rəmzi kimi istifadə olundu. Tariximizin Sovet mərhələsində isə o Azərbaycan Sovet Sosialist bayrağı ilə əvəz olundu.
        Üçrəngli bayrağınmızın ideologiyasının yaradıcısı Əlibəy Hüseynzadədir. Əlibəy Hüseynzadənin türkçülük, müasirlik, islamlaşmaq ideyaları üçrəngli bayrağımızda öz əksini tapıb. Bu bayraq həm də, Azərbaycan dövlətinin öz inanclarına, öz dəyərlərinə sadiqliyindən xəbər verirdi. Amma təəssüflər olsun ki, Azərbaycan Xalq Cumhuriyyətinin ömrü uzun olmadı, bu bayrağımız zirvələrdə dalğalanmadı. Amma uzun illər keçəndən sonra Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu, yenidən üçrəngli bayrağımız dalğalanmağa başladı. Biz yenidən bayrağımızla fəxr etmək, onunla qürur duymaq imkanı əldə etdik. Belə ki, 17 noyabr 1990-cı il tarixində Ümummilli lider Heydər Əliyevin təklifi ilə Naxçıvan Ali Məclisinin binasının önündə Azərbaycan Xalq Cumhuriyyətinin müqəddəs üçrəngli bayrağı dalğalandı. Eyni zamanda Azərbaycan Respublikasının Ali Sovetinə təklif olundu ki, üçrəngli bayrağımız Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin. 5 fevral 1991- ci il tarixində üçrəngli bayrağımız Azərbaycanın dövlət bayrağı kimi təsdiq edildi.
        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda “Dövlət Bayrağı Meydanı”nın yaradılması barədə Sərəncam imzaladı. Dövlət Bayrağı Meydanı hər dövlətdə yoxdur. Dövlət Bayrağı meydanının yaradılmasının özü bayrağa xüsusi bir münasibətin ifadəsidir. Ümumi ərazisi 60 hektar olan meydanda dalğalanan bayrağın Ginnesin dünya rekordları təşkilatı tərəfindən 2010-cu il mayın 29-da dünyanın ən hündür bayraq dirəyi olduğunu təsdiq etməsi də bizim üçün ayrıca bir şərəfdir. Biz bu “Dövlət Bayrağı Meydanı” vasitəsi ilə dünyaya “biz varıq” mesajını verdik. 2010 -cu il sentyabrın 1-də isə ölkə başçımız İlham Əliyevin iştirakı ilə “Dövlət Bayrağı Meydanı”nın təntənəli açılış mərasimi keçirildi.
        Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaqdır. Bu baxımdan “Dövlət Bayrağı Günü” ölkəmiz üçün tarixi günlərdən biridir. Azərbaycan Xalq Cumhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyimizi nümayiş etdirir.
       Bayraq böyük qüvvədir. Bayraq elə bir qüvvədir ki, əlində ən qorxunc bir silah tutan məğlubedilməz əsgər ona baş əyir. Bayraq elə bir cəsarətdir ki, əliboş 20 Yanvar şəhidlərimizi bir an belə tərəddüd etmədən xalqın azadlıq arzusunu boğmaq və məhv etmək istəyən zirehli tankların altına apardı. Bayraq elə bir şərəfdir ki, xalqların ən böyük şərəfə layiq gördüyü insanlar onun qarşısında diz çöküb öz xalqına səadət andı içirlər.
        Bu gün qürurla deyə bilərik ki, dövlətimizin bayrağı dünyanın mötəbər təşkilatlarının qarşısında dalğalanır. Son illər Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun əhəmiyyətli dərəcədə artdığını nəzərə alsaq bayrağımızın bütün sahələrdə yüksəldiyini əminliklə deyə bilərik. Təkcə dövlət tədbirlərində deyil, mötəbər idman yarışlarında da humanitar  mədəni tədbirlərdə dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir. Aəzrbaycan güclü dövlətdir və dünyada özunəməxsus yer tutur. Biz müstəqil Azərbaycanla fəxr edirik. Buna görə Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına, onun müəyyənləşdirdiyi siyasətə borcluyuq. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirlir.
        Yekun olaraq söz Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubova verildi. Şahmar Usubov noyabr ayında olan əlamətdar günlərin əhəmiyyətini diqqətə çatdırdı. Bildirdi ki, dünya ölkələrinə nəzər salsaq ölkəmizdəki sabitliyi, inkişafı düzgün qiymətləndirməyi bacarmalıyıq. Ulu Öndər Heydər Əliyev tərəfindən bünövrəsi möhkəm, sarsılmaz qoyulan dövlətimizin rəhbərliyi bu gün etibarlı insanların əlindədir. Azərbaycan tolerant ölkə kimi iqtisadi inkişafına, idman uğurlarına görə nümunədir. Ölkəmizdə indi "Əsrin müqaviləsi" qədər əhəmiyyətli müqavilələr bağlanılır. Bütün sahələrdə sürətli inkişaf  gedir. Kənd təsərrüfatının inkişafı ilə əhalinin rifah halı da yüksəlir, yeni iş yerləri yaranır. Bütün bu inkişafa güclü iqtisadiyyatımızın sayəsində nail olunub. Zəka oyunu sayılan şahmatda Azərbaycanın Milli komandasının Avropada I yerə sahib olması ölkəmidə idmana, gənclər siyasətinə olan diqqət və qayğının təcəssümüdür. Cənab Prezidentimiz İlham Əliyev dünyada gedən prosesləri qabaqcadan müəyyən edərək lazımi tədbirlər görür. Sabitlik və iqtisadi inkişaf olmasa ölkəmizin qapısını açan olmaz. Təhlükəsizlik orqanlarının düzgün işləməsi ölkəmizə olan etibarı artırır. Dövlətimizə zərər yetirə biləcək bütün qarayaxma kompaniyalarının qarşısı alınır. I vitse - prezident Mehriban xanım Əliyava təhsilimizə, səhiyyəmizə və digər sahələrə olan diqqət və qayğısı ilə bizə böyük mənəvi dayaqdır.
        Rayonumuzun rəhbəri çıxışının sonunda Cocuq Mərcanlıda başlanan "Böyük qayıdış" layihəsinin işğal olunmuş torpaqlarımızda davam edəcəyini və uğurla yekunlaşacağını əminliklə vurğuladı. Cənab başçı Bayraq Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik etdi.
        Tədbirin sonunda Xocalı rayon Mədəniyyət evinin hazırladığı, Xocalı şəhər 4 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə böyük şair Səməd Vurğunun "Azərbaycan" şeirinin əsasında hazırlanmış kompozisiya təqdim edildi.  Xocalı rayon Cəmilli kənd Əhməd Cavadov adına tam orta məktəbin şagirdləri "Bayraq" şeirini söylədilər. Məmmədov İsmayıl, Flora Cavadova, Valeh Hümbətov və Ruslan Mustafayev milli ruhda bəstələnmiş mahnılar ifa etdilər.
        Tədbir xoş ovqatla yekunlaşdı.

Keçidlər