Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı rayon təhsil işçilərinin ənənəvi Sentyabr Konfransı.

19 sentyabr 2018 | 16:00

11 sentyabr 2018-ci il tarixdə Xocalı rayon təhsil işçilərinin ənənəvi Sentyabr Konfransı keçirildi. Konfransda Xocalı rayon İcra Hakimiyyətinin başçıcı cənab Şahmar Usubov, Təhsil Nazirliyinin məsul işçisi Anar Mirzəzadə, Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov, Xocalı RTŞ-nin müdiri Şakir Əliyev, təhsil işçiləri və rayon ziyalıları iştirak etdilər. Konfransdan öncə təhsil işçiləri Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində salınmış “Heydər” parkında ucaldılan Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzdülər. Sonra Xocalı MKS-nin təşkil etdiyi açıq kitab sərgisinə və məktəbli şagirdlərin hazırladığı rəsm əsərlərinə baxış keçirildi.
     Xocalı rayon Mədəniyyət evində davam edən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
     Konfransı aparmaq üçün sədr və katiblər seçildikdən sonra  Xocalı rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev 2017/2018-ci tədris ilində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış etdi. Şakir Əliyev çıxışında bildirdi ki, respublika  təhsilində əldə olunmuş  uğurlar,  məcburi  köçkünlük şəraitində  fəaliyyətinə  baxmayaraq, Xocalı rayon təhsilinə  də sirayət etmişdir. Xocalı rayonu üzrə 12 ümumtəhsil müəssisəsinin 9-u “Qaçqın və Məcburi Köçkünlərin  yaşayış  şəraitinin yaxşılaşdırılması və  məşğulluğunun artırılması” Dövlət Proqramlarına  uyğun olaraq inşa olunmuş yeni, müasir tipli məktəb binalarında  fəaliyyət göstərirlər.
     Rayonumuzun  təhsil müəssisələrində 135 ədəd kompüter vardır. Hal-hazırda rayonumuzda hər 11 nəfər şagirdə bir kompüter düşür. 2003-cü ildən etibarən respublika və rayonumuz üzrə I-XI sinif şagirdlərinin pulsuz dərsliklərlə təminatı 100% olmuş, məktəb kitabxanalarının  bədii ədəbiyyatla təchizatı tam başa çatdırılmışdır.
     Son 8 il ərzində Xocalı rayonu üzrə ali məktəblərə qəbul olanlardan 13 nəfəri qəbul imtahanlarında 600-dən yuxarı bal toplamışdır, onlardan 4 nəfəri  Prezident təqaüdçüləri olmuşdur.  Sevindirici  haldır ki, builki məzunlarımızdan  5 nəfəri   ali məktəblərə 500-dən yuxarı, 3 nəfəri isə 600-dən yuxarı  bal toplayaraq qəbul olmuşlar. Bütün bu göstərilən uğurlara, Azərbaycanın inkişaf etmiş ölkələr cərgəsinə  qoşulmasına   Ölkə  Başçımız  Cənab İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasət nəticəsində nail olunmuşdur.
     2017/2018-ci  dərs ilinin  əvvəlindən  etibarən Xocalı RTŞ tabeliyində 12 tam orta və 1 UGİM  Xocalı rayon əhalisinin daha çox kompakt  şəkildə məskunlaşdığı 5 bölgədə (Bakı ş, Gəncə ş. Şəki ş. Oğuz r. Goranboy r.) fəaliyyət göstərir. 2017/2018-ci dərs ilinin  əvvəlində rayonumuzun ümumtəhsil məktəblərində 144 sinif komplektində 1465 nəfər (onlardan 12 nəfəri evdə təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud  uşaqlardır) şagirdin, 6 məktəbdə 6 məktəbəhazırlıq qrupunda 113 nəfər  uşağın təlim-tərbiyəsi ilə 282 nəfər  müəllim  məşğul olmuşdur. Goranboy rayonununda  fəaliyyət göstərən  UGİM-də rayonumuzun 4 tam orta məktəbinin 150 nəfər şagirdi 10 dərnəyə cəlb olunmuşdur. 2017/2018-ci dərs ilində I sinfə qədəm  qoyan şagirdlərin 70%-i   məktəbəhazırlıq qruplarından gəlmişlər. Rayon üzrə beşyaşlıların təhsilə cəlbi 2016/2017 dərs ilində 55%, 2017/2018-ci dərs  ilində 65 %  təşkil  etmişdir.
     Məlum olduğu kimi  2017/2018-ci dərs ili Təhsil  Nazirinin 28.08.2017-ci il tarixli 261 №-li əmri ilə  “Ümumi təhsildə keyfiyyət ili” elan olunmuşdur. 06 sentyabr 2017-ci il tarixdə  keçirilmiş Xocalı rayon təhsil  işçilərinin sentyabr konfransında və 14 sentyabr 2017-ci  il tarixdə keçirilmiş Xocalı RTŞ-nin təhsil şurası iclasında 2017/2018-ci dərs ilinin “Təhsildə keyfiyyət ili” elan olunmasının  əsas məqsədi və mahiyyəti, bununla əlaqədar qarşıda duran  vəzifələr haqqında rayon təhsil işçilərinə, məktəb rəhbərlərinə,   pedaqoji  kollektivlərə ətraflı məlumat verilmiş və müvafiq  maarifləndirmə işləri  aparılmışdır. Xocalı RTŞ-nin 14 sentyabr 2017-ci il tarixli 123№-li əmri ilə 5 nəfərdən  ibarət komissiya yaradılmış,  “İl” çərçivəsində  görüləcək işləri tələb olunan səviyyədə icra etmək məqsədilə komissiyaya  müvafiq  tapşırıqlar verilmişdir. İlk növbədə komissiya  tərəfindən  nəzərdə tutulan  tədbirlərin icrası  ilə bağlı  Xocalı RTŞ-nin fəaliyyət planı tərtib olunmuş və sentyabr ayından etibarən tədbirlərin icrasına  başlanılmışdır. Rayonun hər bir məktəbinin də ayrıca fəaliyyət planı  hazırlanıb  həyata keçirilmişdir.
     İl ərzində rayonun ümumtəhsil məktəblərinin  ibtidai siniflərində və buraxılış siniflərində  şagirdlərin  mövcud  tələblərə uyğun qaydada oxu, yazı və riyazi bacarıqlarının  öyrənilməsi  məqsədilə monitorinqlər  keçirilmişdir.
     20 yanvar faciəsinin 28-ci ildönümü, Xocalı faciəsinin 26-cı ildönümü, 31  mart Azərbaycanlıların soyqırım günü ilə bağlı  dəyirmi masalar, inşa və rəsm  müsabiqələri təşkil olunmuş, hər üç faciəyə  həsr olunmuş xüsusi dərslər keçirilmişdir.
     2018-ci ildə rayonun təhsil müəssisələrinin XI siniflərini bitirən 99 nəfər məzundan  74 nəfəri ali məktəblərə  sənəd vermiş, həmin şagirdlərdən   41  nəfəri ali,  14  nəfəri isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. Əlavə olaraq ötən ilki məzunlarımızdan   8  nəfəri bu il tələbə  adına layiq görülmüşdür.
     Sonra Xocalı şəhər 1 saylı tam orta məktəbin direktoru Vidadi Rəhimov, Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbinin direktoru Məhəmməd Məmmədov rəhbərlik etdikləri məktəblərin 2017-2018-ci tədris ilində fəaliyyəti haqqında məlumat verdilər. Çıxışlarda bildirildi ki, tədris ili ərzində Xocalı soyqırımı, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü və digər tədbirlər keçirilmişdir. Məktəb rəhbərləri şagirdlərin uğurlarından danışdılar. Mövcud problemlərdən söz açaraq qeyd edildi ki, kimya və fizika fənlərindən laboratoriya ləvazimatlarının olmaması şagirdlərin dərsi yaxşı mənimsəməsinə mane olur. Xocalı şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Xalidə Əmiraslanova çıxışında müəllimlik peşəsinin dəyərindən danışdı.
     Daha sonra söz ali məktəbə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan Xocalı şəhər 4 saylı tam orta məktəbin məzunları Bəhramlı Ümid Fəxri oğluna və Həsənova Nərmin İsmixan qızına verildi. Çıxış edən məzunlar valideynlərinə, ilk sinif müəllimlərinə və fənn müəllimlərinə öz təşəkkürlərini bildirdilər. Dövlətimizin və rayon rəhbərliyinin təhsilimizə olan diqqət və qayğısını yüksək dəyərləndirdilər.
     Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov çıxış edərək Xocalı rayon məktəblərinin məzunlarının ali məktəblərə qəbulda və 500-dən yuxarı bal toplamaqda artım olduğunu vurğuladı. Nəsimi Məmmədov qeyd etdi ki, məcburi köçkün şəraitində yaşadığımıza görə başqa şəhər və rayon məktəblərində təhsil alan Xocalı gənclərinin əldə etdiyi uğurlu nəticələr həmin məktəblərin uğuru sayılır. Mövcud vəziyyətə əsasən demək mümkündür ki, Xocalı rayonunda təlim-tərbiyə prosesi var. Gələcəyə olan ümidimiz çoxdur. Məcburi köçkün övladlarının ali məktəbə ödənişsiz əsaslarla qəbul olunmasına görə dövlətimizə minnətdarıq. Müharibə şəraitində yaşadığımıza görə məktəblərimizdə Gənclərin çağırışaqədərki hazırlığı fənni yüksək səviyyədə keçirilməlidir.
     Təhsil Nazirliyinin məsul işçisi Azər Mirzəzadə məktəbəqədər hazırlığın təşkilindən danışdı. Məktəbəqədər hazırlıq fənnini tədris edən müəllimlərə öz dərslərini standartlara uyğun şəkildə aparmalarını tövsiyə etdi. Təmayül məktəblərə qəbul edilən şagirdlərin öz istəyini də nəzərə almaq lazımdır. Respublika və beynəlxalq fənn olimpiyadalarında şagirdlərin iştirakına şərait yaradılmasının əhəmiyyətini vurğulayaq qeyd etdi ki, olimpiyadalarda nəticə əldə edən şagirdlərin olimpiyadada iştirak etdiyi fənnə uyğun olaraq müvafiq ixtisas üzrə ali məktəbə qəbul olmaq imkanı vardır. Azər Mirzəzadə təhsil işçilərinin qarşılaşdığı problemlərdən  və təhsil sahəsində yeniliklərdən, layihələrdən də söz açdı. Nazirliyin məsul işçisi çıxışının sonunda Xocalı rayon təhsil işçilərinə yeni tədris ilində can sağlığı və uğurlar arzuladı.
     Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov bildirdi ki, təhsilimizin inkişafı üçün və şagirdlərimizin əsl vətəndaş kimi formalaşmaları naminə bütün təhsil işçiləri həmrəylik nümayiş etdirməlidir. Xocalı rayon təhsilinə Rayon İcra Hakimiyyəti və İctimai-siyasi və humanitar məsələlər şöbəsi daim nəzarət edir. Rayonumuzun rəhbəri müəllim peşəsinin əhəmiyyətindən danışaraq qeyd etdi ki, müəllim keyfiyyətli dərs dedikdə hər hansı ailəyə birbaşa köməklik etmiş sayılır. Müəllim cəmiyyətdə, həmçinin şagird və valideynlərin yanında savadı, şəxsiyyəti  ilə özünə qarşı inam qazanmalıdır.
     Şahmar Usubov konfransda çıxış edən məzunlarımızın çıxışından hər birimizin fərəh hissi keçirdiyimizi vurğuladı. Bütün məzunlarımıza hansı peşəyə sahib olmalarından asılı olmayaraq layiqli vətəndaş olmalarını tövsiyə etdi.
     Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov cari tədris ilində bütün təhsil işçilərinə can sağlığı və uğurlar arzuladı.
     Sonda yüksək balla ali məktəbə qəbul olan məzunlar və qabaqcıl təhsil işçiləri Xocalı rayon Təhsil Şöbəsinin Fəxri Fərmanı və hədiyyələrlə təltif edildilər.
     Xocalı rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı xoş ovqatla yekunlaşdı.

Keçidlər