Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalılar qazimizi təntənə ilə qarşıladılar

29 dekabr 2020 | 16:00

23 dekabr tarixdə məcburi köçkünlər üçün salınmış Goranboy rayonunun Meşəli qəsəbəsində Vətən Müharibəsi qazisi Əlizadə Təbriz Vaqif oğlunun təntənəli qarşılanma mərasimi oldu. Qazimizin gəldiyi avtomobili Xocalı rayon İcra Hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri, qəsəbə sakinləri avtomobil karvanı ilə onun yaşadığı evə qədər müşayiət etdilər. Tədbir iştirakçıları Azərbaycan və qardaş ölkə Türkiyənin Bayraqları ilə “Qarabağ Azərbaycandır!” şüarı səsləndirdilər. Evinə gələn qazimizi valideynləri, yaxın qohumları, qəsəbə sakinləri böyük sevinc və qürur hissi ilə qarşıladılar, onun gəlişi münasibəti ilə qurban kəsildi.
     Qeyd edək ki, Əlizadə Təbriz 1993-cü il iyulun 21-də Oğuzda anadan olub. Xankəndi şəhər sakinidir. O, 2016-cı ildən həqiqi hərbi xidmətə yazılıb. Goranboy rayonunda ön cəbhədə sanitar təlimatçı kimi xidmət edib. Öz ərizəsi ilə onun təyinatını ön cəbhəyə dəyişiblər. Vətən Müharibəsində kiçik çavuş Təbriz Əlizadə Murovdağ istiqamətində gedən döyüşlər zamanı erməni postuna girərkən mina partlayışı nəticəsində yaralanmışdır. Təbriz 8 saat yaralı vəziyyətdə döyüş mövqeyində qalıb. Sağ ayağının pəncə hissəsini mina aparıb. Təbriz əvvəlcə Aşağı Ağcakəndə "Xocalı Rayon Publik Hüquqi Şəxs"ə gətirilmiş və ilkin tibbi yardım göstərilmişdir. Sonra Naftalan RMX-də, Gəncə Beynəlxalq Xəstəxanasında müalicəsi davam etdirilmişdir. Gəncədə yaralı əsgərlərlə görüşən “Modern Hospital”ın əməkdaşı, ehtiyyatda olan hərbi həkim Əbülfət Həmidov Təbrizlə də maraqlanmışdır. Təbrizin müalicəsinin davamı üçün Bakı şəhərindəki “Modern Hospital”a təxliyə edilmişdir. Burada müalicə olunduqdan sonra evə dönüb. Müalicəsi ev şəraitində davam edir.
     Böyük Zəfəri bizə yaşatdıqları üçün Ordumuza, qazilərimizə, şəhidlərimizə minnətdarıq. Təbriz də topraqlarımızın uğrunda qorxmadan düşmən üstünə gedərək qazilik mərtəbəsinə yüksəldi.
     Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, kiçik çavuş Təbriz Əlizadə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir.
     Qazimizin ailəsinə gözaydınlığı veririk. Allahdan qazimizə şəfa diləyirik.

Keçidlər